CƏMİYYƏT
Uqandalı gənc: Ədalətsizliyə qarşı mübarizədə Azərbaycanı tam dəstəkləyirik
Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC
Uqandadan gələn nümayəndə olaraq və tariximizi də nəzərə alsaq, gərgin mübarizə nəticəsində geri alınmış Şuşa kimi şəhərlərin və ərazilərin dəyərini bilirik. Mən azərbaycanlılarda azad olunan ərazilərin bərpası ilə bağlı böyük ümid görürəm. Şuşa şəhəri azərbaycanlıların mübarizliyinin göstəricisidir.
Bunu AZƏRTAC-a müsahibəsində Uqanda Milli Gənclər Şurasının sədri Ceykob Eyeru deyib.
O, fikirlərinə belə davam edib: "Dünyanın heç bir ölkəsinin haqqı yoxdur ki, kimisə öz yurd-yuvasından, doğma torpağından didərgin salsın. Biz yolboyu dəhşətli dağıntılar gördük. Burada heç cür əsaslandırıla bilinməyəcək hadisələr baş verib. Ümid edirəm ki, Ermənistan tərəfi yaşananlara görə üzr istəyəcək. Biz azərbaycanlıların geri qayıtmasına sevinir və ədalətsizliyə qarşı mübarizədə Azərbaycanı tam dəstəkləyirik".
C.Eyeru Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilata çevrilməsi prosesinin ilk addımının Şuşada atılmasından çox məmnun olduğunu da diqqətə çatdırıb.