MƏDƏNİYYƏT


Uralın azərbaycanlı rəssamı

Moskva, 16 mart, AZƏRTAC

Azərbaycanlı rəssam Mirzə Məmmədov artıq 35 ildir ki, Yekaterinburqda yaşayır.

AZƏRTAC “Naş Ural” saytına istinadla xəbər verir ki, İ. Şadra adına Sverdlovsk Rəssamlıq Məktəbini və Sverdlovsk Memarlıq İnstitutunu bitirən rəssam hazırda Ural Dövlət Arxitektura-Rəssamlıq Universitetinin təsviri sənət kafedrasında dərs deyir.

Rəssam deyir: “Mən tez-tez Azərbaycanda, Boradigəh qəsəbəsindəki (indiki Mollaoba kəndi) evimizi, həyətimizdəki heyva ağaclarını xatırlayıram. Babam bu ağaclara qulluq edərdi, budaqlarda yetişmiş sarı heyva səmadakı ulduzları xatırladardı. Ağaclar çiçək açdığında, ağ ləçəklər qar dənəcikləri kimi ətrafa səpələnərdi. Bunlar uşaqlıq illərindən məni əhatə edən quşlarla, heyvanlarla, bitkilərlə bağlı nağıllarım idi. Bu, mənim torpaqla, təbiətlə bağlılığım, yaddaşıma həmişəlik həkk olunmuş cənnətlə – Boradigəh ilə bağlı təəssüratlarımdır. Şəhərdə isə bunlara rast gəlmək mümkün deyil. O məkan mənim üçün cənnətin bir guşəsi idi. İndi həmin guşədən məhrum olmuşam, çünki uşaqlıq illəri geridə qalıb”.

Mirzə Məmmədov bir çox rəssamlıq və qrafik işlərinin müəllifidir. O, kitablar yazır və monumental-dekorativ, həmçinin bağ-park sənəti ilə məşğul olur. Ural Dövlət Arxitektura-Rəssamlıq Universitetinin professoru, Rusiya Federasiyası Rəssamlıq İttifaqının üzvü olan soydaşımız Rusiya Rəssamlıq Akademiyasının medalı ilə təltif edilib.

Mirzə Məmmədovun ilk sərgisi ötən əsrin 80-ci illərinin əvvəlində - rəssamın orduda xidmətdən sonra Urala gəlməsi və Sverdlovsk Rəssamlıq Məktəbinə daxil olmasından sonra keçirilib. O, əl işlərinin tanınmış rəssamlarla birlikdə sərgiləndiyi azsaylı tələbələrdən biri olub. Həmin sərgi Böyük Vətən müharibəsində Qələbənin 45-ci ildönümünə həsr olunmuşdu. Gimnastyorkada olan qızın səngərdə qramplastinkaya qulaq asdığı səhnəni təsvir edən “Vals” tablosu xüsusilə diqqəti cəlb etmişdi.

Rəssam qarışıq texnika üzrə işləyir: pastel, yağ və karandaşla işləyən M.Məmmədov hesab edir ki, əsl sənətkar bütün janrlarda yaratmağı bacarmalıdır və yalnız bundan sonra özünün xüsusi üslubunu seçə bilər.

Qəzetin materialında deyilir: “Mirzə Məmmədovun Şərq insanına məxsus xarakteri onun əsərlərində əksini tapıb: rənglərin çılğınlığı, yaşıllığın bolluğu, cənub günəşinin isti qızılı şüaları bunun təzahürüdür. Bütün bunlar ilin mövsümlərinin əksər vaxtında bizim boz və yağmurlu Yekaterinburqda olmayan mənzərələrdir. Rəssam onu əhatə edən gerçəkliyə xüsusi rövnəq verir. Mirzə Məmmədov Uralı sevir, Yekaterinburqda onun çoxlu dostları var, övladları da burada dünyaya gəlib”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.