REGİONLAR
Ürəklərdə özünə əbədi heykəl ucaldan dahi
Biləsuvar, 12 dekabr, Mahir Babayev, AZƏRTAC
Dekabrın 12-də Biləsuvardakı Heydər Əliyev Parkında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra mərasim iştirakçıları Ulu Öndərin adını daşıyan mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar rayonda ehsan süfrəsi açılıb.
X X X
Hacıqabulda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssissə və təşkilat rəhbərləri və minlərlə hacıqabullu Heydər Əliyev Parkına gələrək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
1991-ci ildə yenidən azadlığına qovuşan xalqımız məhz, ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə müstəqilliyini və dövlətçiliyini xilas edə bildi. Qısa müddət ərzində dövlətçiliyimizin iqtisadi və siyasi əsasları yaradıldı, müstəqilliyimiz əbədi və dönməz xarakter aldı. Ulu Öndər bütün regionlara, o cümlədən Hacıqabula da xüsusi qayğı ilə yanaşırdı və regionların inkişafını strateji məsələ hesab edirdi. Elə bu səbəbdən də 70-ci illərdə rayonda başlanan böyük inkişaf bu gündə uğurla davam etdirilir.
Rayonda anım mərasimləri gün ərzində davam edib.
X X X
Ulu öndər Heydər Əliyevin xatirəsi İmişlidə də anılıb.
AZƏRTAC xəbər verir ki, rayonun icra strukturları, hüquq–mühafizə orqanlarının rəhbərliyi, minlərlə imişlili müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən sənəd və fotoşəkillərlə tanış olublar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub.