REGİONLAR
Ürəklərdə özünə əbədi heykəl ucaldan dahi
Tovuz, 12 dekabr, Famil Quliyev, AZƏRTAC
Ulu Öndərin vəfatının 14-cü ildönümü ilə əlaqədar Tovuz rayonunun sakinləri Heydər Əliyev meydanında dahi rəhbərin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Rayonun bütün təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.
X X X
Dekabrın 12-də Şəmkirdə də ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri Şəmkir şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
X X X
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümündə - dekabrın 12-də ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da dahi rəhbərin xatirəsi izdihamla anılıb.
Anım mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinin bəzi məqamlarını əks etdirən fotoşəkillər və sənədlərlə tanışlıq olub.
X X X
Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Qazax rayonunda da anım mərasimi keçirilib.
Anım mərasimi Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Rayon rəhbərliyi, hərbi hissələrin əsgər və zabit heyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə tər-çiçək dəstələri qoyaraq, dahi rəhbərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.