SİYASƏT
Uruqvay parlamentində Azərbaycan ilə dostluq qrupunun yeni tərkibi təsdiq edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Uruqvay parlamentinin Nümayəndələr Palatasının beynəlxalq əlaqələr idarəsindən Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyinə daxil olmuş məlumata əsasən, Uruqvay Parlamentində həm Senatın, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarət Uruqvay-Azərbaycan dostluq qrupunun yeni tərkibi təsdiq edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə doqquz deputatdan ibarət dostluq qrupunun tərkibinə Uruqvay parlamentində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri daxil edilib.
Dostluq qrupunun yeni tərkibinin təsdiq edilməsi Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələrinin möhkəmləndirilməsinə, habelə ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək.