CƏMİYYƏT
Üsamə əl-Abd: Azərbaycan İslam dünyasında tolerantlıq nümunəsidir
Qahirə, 8 dekabr, AZƏRTAC
Misir üçün dost ölkə olan Azərbaycan İslam dünyasında tolerantlıq nümunəsidir. Misirli parlamentarilər iki dost ölkə arasında əlaqələrin daha da inkişafı istiqamətində dövlət başçıları İlham Əliyev və Əbdülfəttah əs-Sisinin səylərini dəstəkləyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini, İslam Universitetləri Assosiasiyasının baş katibi Üsamə əl-Abd bu ölkədəki Azərbaycan diasporunun sədri Seymur Nəsirovla görüşündə söyləyib. O əlavə edib ki, qədim tarixi və mədəni bağlara malik olan azərbaycanlılar və misirlilər arasında əlaqələr sürətlə inkişaf edir və bu prosesdə qanunverici orqanların üzvlərinin rolu böyükdür. “Misir müxtəlif beynəlxalq təşkilatlarda, xüsusən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib və dost ölkənin şanlı Zəfəri, həmçinin son illərdə əldə etdiyi uğurlar bizi sevindirir. Parlamentlərarası Dostluq Qrupunun sədri olduğum illərdə Bakıya bir neçə dəfə səfərlər etmişəm və müxtəlif sahələrdə qazanılan nailiyyətlərin, quruculuq işlərinin canlı şahidi olmuşam. Eyni zamanda, tolerantlıq və multikulturalizm mövzularında Azərbaycanın təşkilatçılığı ilə keçirilən mötəbər beynəlxalq tədbirlər də məndə unudulmaz təəssüratlar yaradıb. Sevinirəm ki, Misirin də təsisçisi olduğu Qoşulmama Hərəkatı Prezident İlham Əliyevin böyük beynəlxalq nüfuzu və müdrik siyasəti sayəsində qlobal miqyasda mühüm təşkilata çevrilib”, - deyə Üsamə əl-Abd vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə