REGİONLAR
“Uşaq Kitab Karvanı”: Qəbələ kitabxanalarına 500 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib
Qəbələ, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində Qəbələ rayonunda təşkil olunan səyyar kitab sərgisində rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 500 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə məktəblilərin və kitabsevərlərin budəfəki qonaqları Azərbaycanın tanınmış uşaq yazarları Zahid Xəlil, Ələmdar Quluzadə, Solmaz Amanova, Reyhan Yusifqızı və Sevinc Nuriyeva olub.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 2011-ci ildən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsinin əsas məqsədi səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək, onların oxu ehtiyaclarını qarşılamaqla bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Bildirilib ki, layihə çərçivəsində bölgələrdə təşkil edilən səyyar kitab sərgiləri uşaq və yeniyetmələrin böyük marağına səbəb olub. İndiyədək keçirilən sərgilərdə rayonların uşaq kitabxanalarına 21 min 670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.
Sonra məktəblilərin hazırladığı bədii proqram nümayiş olunub.
Sonda qonaqlar tərəfindən oxuculara kitablar hədiyyə edilib.