CƏMİYYƏT
“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda növbəti təlim keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci il noyabrın 20-də Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu çərçivəsində Əlaqələndirmə Şurası yaradılıb. Şura növbəti Foruma qədərki dövr ərzində uşaqlar arasında birgə və səmərəli işin aparılmasının təmin edilməsi, həmçinin uşaqların iştirakı ilə onları maraqlandıran mövzularda təlimlərin təşkil olunması məqsədi ilə yaradılıb.
“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda növbəti təlim iyunun 7-də Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan məktəbdə keçirilib. Tədbirdə məktəbdə təhsil alan 50 kursant iştirak edib. IV Ümumrespublika Forumunun iştirakçısı, Əlaqələndirmə Şurasının üzvü Çingiz Qarayev çıxış edərək kursantlara “Uşaq hüquqları” mövzusunda təlim keçib, uşaqlarda liderlik keyfiyyətlərinin artırılması, eləcə də uşaq iştirakçılığının təmin olunması istiqamətində müzakirələr aparıb.
Tədbirdə Komitənin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, şöbənin əməkdaşı Pərviz Əliyev iştirak ediblər.