CƏMİYYƏT
“Uşaq hüquqları uşaqların gözündə” mövzusunda tədbir keçirilib
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları Gününə həsr olunmuş “Uşaq hüquqları uşaqların gözündə” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və digər qonaqlar iştirak ediblər.
Öncə qonaqlar UNICEF və “ASAN Könüllüləri” Təşkilatının birgə reallaşdırdığı “Uşaq hüquqlarının təşviqi” layihəsi çərçivəsində təşkil olunan təlim proqramı (TOT) ilə tanış olublar.
Sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, 160 №-li klassik gimnaziyanın, “Tərəqqi liseyi”nin və XXI Əsr/Beynəlxalq Təhsil və İnnovasiya mərkəzinin şagirdlərinin hazırladıqları “Mənim hüquqlarım: uşaq hüquqları uşaqların gözündə” və “ASAN Məktub” layihələri çərçivəsində gerçəkləşən sərgilərə baxış keçirilib.
Tədbirin keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliğinin uşaqların gözü ilə vətəndaşlara çatdırılması, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qrupların formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir.
“Uşaq hüquqlarının təşviqi” layihəsi üzrə cari ilin noyabr ayından etibarən ekspertlər tərəfindən təlimçilər üçün təlim proqramı (TOT), maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçirilir. Həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Qubada yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur.