CƏMİYYƏT
Uşaq hüquqlarının müdafiəsi həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Bakı, 2 iyun, AZƏRTAC
Uşaq hüquqlarının müdafiəsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş birgə dinləmə zamanı deyib.
Səhiyyə komitəsinin sədri ölkəmizdə uşaqların sağlamlığının da diqqət mərkəzində olduğunu vurğulayıb. İcbari tibbi sığortanın imkanlarından danışan Əhliman Əmiraslanov ölkəmizin sağlam və vətənpərvər gəncliyə ehtiyacı olduğunu qeyd edib. Bildirib ki, sağlam uşaq və gənclərin sayı nə qədər çox olarsa, sağlam mühit və cəmiyyət formalaşar. Həyatda uğur qazanmaq üçün mütləq zəhmətə qatlaşmaq lazımdır.