REGİONLAR
Uşaq infeksion xəstəliklərinin profilaktikasında peyvənd olunma mühüm amildir
Şəmkir, 23 noyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə “Gənc Həkimlər Birliyi”nin təşkilatçılığı ilə “Uşaq xəstəlikləri ilə mübarizədə peyvəndin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov və birliyin üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Konfransda çıxış edən mərkəzi xəstəxananın baş həkimi Ayaz İbrahimov uşaqların peyvənd edilməsinin vacibliyindən danışıb. Bildirib ki, uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olur, bəzi hallarda ağır keçərək hətta ölümlə də nəticələnə bilir. Uşaq infeksion xəstəliklərinin profilaktikasında peyvənd olunma mühüm amildir və peyvənd təqvimlərinə uyğun yerinə yetirilməlidir.
Birliyin üzvləri olan gənc həkimlər Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklərdən və onlara qarşı tətbiq olunan peyvəndlərin əhəmiyyətindən danışıblar.