MƏDƏNİYYƏT
Uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar
Bakı, 8 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 33 nömrəli uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdləri Almaniyanın Berlin şəhərində keçirilən “Talants of Berlin” XI beynəlxalq incəsənət festival-müsabiqəsində uğurla iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, şöbənin tar ixtisası üzrə müəllimi Emin Bəhramlının (konsertmeyster Lalə Hüseynova) sinfindən şagirdlər “İnstrumental janr” nominasiyasında 13-15 yaş kateqoriyası üzrə Cavid Mehdiyev və 16-20 yaş kateqoriyası üzrə Yusif Əliyev “Talants of Berlin” XI beynəlxalq müsabiqəsinin “Qran-Pri” mükafatı ilə təltif olunublar.
Festival-müsabiqədə Yusif Əliyev V.Adıgözəlovun "Skertso", Cavid Mehdiyev isə F.Əmirovun "Sevil" operasından "Dilbərin mahnısı" və A.Gərayın "Qaytağı" əsərlərini yüksək səviyyədə ifa ediblər.
Şagirdlər, həmçinin uğurlu çıxışlarına görə Kanadanın Monreal şəhərində keçiriləcək “Open Canada” III beynəlxalq incəsənət festivalında iştirak hüququ verən sertifikat qazanıblar.
Gənc istedadların müəllimi Emin Bəhramlı XI beynəlxalq Berlin festival-müsabiqəsinin münsiflər heyətinin “Təşəkkürnamə”si ilə mükafatlandırılıb.