ELM VƏ TƏHSİL


Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələri açıqlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə avqustun 7-də keçirilmiş test imtahanının nəticələri açıqlanıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartlarının qrafik təsviri ilə Mərkəzin internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1992 nəfərdən 283 nəfər imtahana gəlməyib.

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.

Xatırladaq ki, test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.

İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla) uğur qazanmış hesab edilirlər.

Bakı şəhərində yerləşən məktəblər üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə isə imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılırlar.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 11-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 9 avqust saat 10:00-dan 10 avqust saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.