REGİONLAR
Uşaq şairi Zahid Xəlilin sumqayıtlı “Balalara hədiyyə”si
Sumqayıt, 16 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Uşaqların sevimli şairi Zahid Xəlil balaca sumqayıtlıların qonağı olub. Sumqayıt şəhər Poeziya evində şairlə keçirilən görüş Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi, Nizami Gəncəvi adına Kitabxana-Klubun birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu Zahid Xəlilin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Sumqayıt şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova, Sumqayıt şəhər 27 saylı məktəbin direktoru Valid Mustafayev, Əməkdar jurnalist Rəhman Orxan və digərləri şair haqqında ürək sözlərini deyib, xatirələrini bölüşüb, yaradıcılığından danışıblar.
Sonra Nizami Gəncəvi adına Kitabxana-Klubun fəal oxucularının ifasında şairin şeirləri səsləndirilib.
Daha sonra Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarının şairin “Mən tülküyəm” nağıl-poeması və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin oxucularının “Yeddi rəngli muncuq” şeiri əsasında hazırladıqları tamaşa və səhnəciklər maraqla qarşılanıb.
Zahid Xəlil tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib, oxucuların suallarını cavablandırıb.
Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən “Balalara hədiyyə” başlıqlı sərgisi nümayiş olunub.