CƏMİYYƏT


Uşaq və Ailələrə Dəstək mərkəzlərinə ayrılan nəqliyyat vasitələrinin təqdimatı olub

Bakı, 4 iyul, AZƏRTAC

Regionlarda yaşayan vətəndaşlara xidmət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinə nəqliyyat vasitələrinin ayrılması mərkəzlərin fəaliyyətinin daha təkmil və çevik olmasına müsbət təsirini göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin istifadəsinə verilən nəqliyyat vasitələrinin təqdimatı zamanı jurnalistlərə Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva deyib.

Aparat rəhbəri bildirib ki, bu gün təqdim edilən nəqliyyat vasitələri xüsusilə həssas təbəqədən olan əhali üçün açıq qapı günlərinin keçirilməsinə, zorakılıq və digər mənfi hallara qarşı operativ reaksiya verməyə və problemlərin yerində həll edilməsi işinə və ailələrin vəziyyətinin qiymətləndirilməsinə töhfə verəcəkdir.

Bugünkü tədbirin mühüm əhəmiyyəti kimi mərkəzlə vətəndaşlar arasında əlaqələrin intensivləşməsi, xüsusilə Komitə üçün prioritet istiqamətlərdən biri kimi qəbul edilən maarifləndirmə işinin daha ardıcıl və səmərəli olmasında mühüm rol oynayacağını bildirən Ceyran Rəhmətullayeva oxşar tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Komitə rəsmisi vətəndaşlara göstərilən xidmətlərin daha geniş ərazini əhatə etməsi, mərkəzlərə gəlmək imkanı olmayan insanların ailələrinə səfər edilməsi və onlara psixososial dəstəyin verilməsi baxımından da xüsusi əhəmiyyətə malik nəqliyyat vasitələrinin istifadəyə verilməsini ölkə Prezidentinin və hökumətin sosial məsələlərə olan diqqətinin bariz nümunəsi kimi dəyərləndirib. O deyib: “Bu gün yola salınacaq nəqliyyat vasitələri regionlarda görülən sosialyönümlü işlərin daha da genişlənməsinə və işin daha mütəşəkkil formada aparılmasına xidmət edəcəyi şübhəsizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.