MƏDƏNİYYƏT


Uşaq yazarlarının regionlarda görüşləri təşkil olunub

Bakı, 15 noyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uşaqların sevimli yazarları – Solmaz Amanova, Gülzar İbrahimova və Sevinc Nuruqızının regionlarda azyaşlı oxucularla növbəti görüşü təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qrafik əsasında müxtəlif yaş kateqoriyaları üzrə oxucularla bölgələrdə keçirilən görüşlər mütaliəyə marağın artırılması, valideynlərin bu istiqamətdə maarifləndirilməsi və uşaq ədəbiyyatının əhəmiyyətini aktuallaşdırmaq məqsədi daşıyır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yazarların “Daha çox oxucu, daha çox mütaliə” mövzusunda ilk görüşü Xaçmaz rayon Mərkəzi Kitabxanasında təşkil olunub. Görüşdə şagirdlər, ibtidai sinif müəllimləri, fəal oxucular, valideynlər, Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və rayonun bir sıra qurumlarının təmsilçiləri iştirak edib. Tədbir zamanı yazıçı Solmaz Amanova yeni nəşr olunmuş “Əlifba-1”, “Əlifba-2” və “Xurcun” kitabları barədə məlumat verib. Yazıçının “İlmənin macəraları” və “Turac” əsərləri əsasında çəkilmiş cizgi filmləri uşaqlar üçün təqdim edilib.

Yazıçı Gülzar İbrahimova azyaşlı oxucuları çap olunan yeni nəşrləri ilə tanış edib. Yazarın rəhbərliyi ilə tədbir iştirakçıları arasında “Ən çox mütaliə edən oxucu” adlı viktorina təşkil olunub. Müsabiqədə qalib gələn oxucular mükafatlandırılıb.

Eyni zamanda, tədbirdə iştirak edən bütün uşaqlara hər iki yazıçı tərəfindən müxtəlif hədiyyələr verilib və Xaçmaz rayon Mərkəzi Kitabxanasına çoxsaylı uşaq ədəbiyyatı təqdim edilib.

Sonra müvafiq görüşlər İsmayıllı, Füzuli, Lənkəran və Quba şəhərlərində də təşkil olunub. Yazarların regionlara turniri layihəsinə Qubada yekun vurulub.

Qeyd edək ki, hazırlanmış qrafikə uyğun olaraq yazarların uşaqlarla görüşləri Biləsuvar, Neftçala, Ağdaş, Şəmkir, Salyan, Bərdə, Tərtər rayonlarında və Şirvan şəhərində də təşkil edilib. Yazıçılarla görüşlər bütün azyaşlı oxucular tərəfindən maraq və sevinclə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.