CƏMİYYƏT
Uşaqlar Beynəlxalq Əlillər Gününü qeyd ediblər
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyi uşaqlarının iştirakı ilə mahnı və rəqs nömrələrinin yer aldığı konsert tədbiri keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, konsert tədbirində “Müşfiq” mərkəzinin tələbələrinin təqdimatında “Gentleman”, “Tello”, “Çin” və “Özbək” rəqsləri izlənilib, musiqi alətlərində bir sıra kompozisiyalar ifa edilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Cəmilə Bağırova təmsil etdiyi qurumun Azərbaycanda uşaq siyasətinin uğurla həyata keçirilməsinə daim dəstək verdiyini bildirib.
İctimai xadim, Azərbaycan Texniki Universitetinin dosenti Gülarə Teymurova hər il ölkəmizdə Beynəlxalq Əlillər Gününün qeyd olunmasını yüksək qiymətləndirib.
Konsert proqramı “Dostluq” mahnısı ilə yekunlaşıb.
Sonda tədbirdə çıxış edən “Müşfiq” mərkəzinin tələbələrinə müxtəlif hədiyyələr təqdim olunub.
Tədbir çərçivəsində uşaqların rəsm əsərlərindən ibarət sərgi tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, bütün dünyada olduğu kimi Azərbaycanda da 3 dekabr - Beynəlxalq Əlillər Gününün qeyd edilməsi artıq ənənə halı alıb.
Xüsusi qayğıya ehtiyacı olanların, xüsusilə uşaqların reabilitasiyası, onların ictimai həyatın bütün sahələrində iştirak etmələri və həmyaşıdları ilə bərabər imkanlarla təmin olunmaları bu sahədə çalışan bütün qurumlarla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də prioritet istiqamətlərindən biridir. Belə ki, həmin uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə komitə tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. Bu tədbirlərin davamlı olması xüsusi qayğıya ehtiyacı olan uşaqlara şən əhval-ruhiyyə bəxş etməklə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkilinə də kömək edir.