REGİONLAR
Uşaqlar bizim sevincimiz, həyatımızın mənası, gələcəyimizdir
Astara, 1 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 1-də Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim sevincimiz, həyatımızın mənası və gələcəyimizdir” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin, Astara Pedaqoji Kollecinin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları, şəhid ailələri, tələbə-gənclər, şəhər 1 və 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Videokonfransda çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova bildirib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.
Planetimizin əhalisinin üçdəbirini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməlidir.
Onlayn tədbirdə Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış polkovnik Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva, övladları İbrahim Orucov və Ruslan Orucov, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova övladları Əlövsət Rəhimov və Səidə Rəhimova, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb və dövlət qayğısı ilə əhatə olunublar.