CƏMİYYƏT
Uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası başa çatdı
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında uşaqlar üçün keçirilən ödənişsiz müayinə aksiyası başa çatıb. Tədbir klinika və “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyinin təşəbbüsü ilə baş tutub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı klinikaya daxil olan müraciətlərlə bağlı ictimai birliyin sədri, pediatr Sveta Rəfiyeva məlumat verib.
Həkim bildirib ki, aksiyada 251 nəfər iştirak edib: “Əsasən müraciətlər ürək-damar sisteminin xəstəlikləri, birləşdirici toxuma patologiyaları, vitamin D3 çatışmazlığı, dayaq hərəkət aparatının pozuntuları, çəki və boyda geriləmələrlə bağlı olub. Diaqnozların əsasında xəstələrə müalicələr təyin olunub, valideynlərə müvafiq məsləhətlər verilib”.
Endokrinoloq-pediatr Ləman Sultanova əsas müraciətlərin uşaqlarda boy qısalığı, artıq çəki və cinsi inkişafın ləngiməsi olduğunu qeyd edib: “Boyun inkişafına nəzarət etmək üçün uşaqların düzgün qidalanması və fiziki aktivliyinə diqqət yetirilməlidir. Bundan əlavə belə uşaqların hər altı aydan bir yoxlanılmaları vacibdir”.
Həkim uşaqların sağlamlığı baxımından bu cür aksiyaların keçirilməsinin vacibliyini vurğulayıb.
Aksiyada Tibb Universitetinin Tədris Terapevtik Klinikasında çalışan mütəxəssislər iştirak ediblər.