ELM VƏ TƏHSİL
Uşaqlara iqlim dəyişikliyi ilə mübarizə aparmağın yolları barədə məlumat verilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyi nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan nümayəndəliyinin və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) dəstəyi ilə “İqlim dəyişikliyi” mövzusunda tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “İqlimi deyil, özünü dəyiş” şüarı ilə keçirilən tədbirin əsas məqsədi 2015-ci ilin sentyabrında BMT-nin tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki Dayanıqlı İnkişaf Məqsədləri (DİM) fonunda iqlim dəyişikliyi ilə mübarizə aparmaq olub. Ətraf mühitin mühafizəsi, bərabər təhsil və sosial müdafiəni də nəzərdə tutan 17 məqsəd çərçivəsində uşaqların ekoloji biliklərini artırmaq, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqlar formalaşdırmaq da tədbirin məqsədlərindən idi.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında təşkil olunan tədbirdə uşaq evləri və internat məktəblərinin şagirdləri, eləcə də mərkəzə üzv uşaqlar iştirak ediblər. İştirakçıların müxtəlif sosial statuslu olması valideyn himayəsindən məhrum uşaqların sosial inteqrasiyasına dəstək məqsədi daşıyıb. Tədbirə KOICA tərəfindən müxtəlif illərdə Koreyada təlimlərə cəlb olunmuş dövlət qulluqçuları da qatılıblar.
KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə və “Azərsu” ASC-nin təchizat şöbəsinin aparıcı məsləhətçisi Nizami Osmanov ətraf mühitin qorunması, iqlim dəyişmələri üzrə maarifləndirmə mövzularında çıxış ediblər.
Tədbir çərçivəsində uşaqlar cizgi filmlərinin personajları ilə yaxından tanış olub, dayanıqlı inkişaf məqsədləri, ətraf mühitin qorunması ilə bağlı qısa animasiya filmi izləyiblər. Eyni zamanda, uşaqların ətraf mühitin qorunması ideyalarının rəsmə çevrilməsi, eko-çantaların rənglənməsi və təbiət mövzularını əks etdirən “face art” təşkil olunub.
Dizayn olunmuş eko-çantaların təqdimatını edən uşaqlar ətraf mühitin qorunmasının əhəmiyyəti barədə danışıb, hər kəsi suya qənaət etməyə, ağac əkməyə və tullantıların azaldılmasına səsləyiblər.
Sonda uşaqlara hədiyyələr təqdim edilib.