REGİONLAR
Uşaqlara qayğı dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşib
Naxçıvan, 7 may, AZƏRTAC
Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər komitənin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə komitənin sədri Ramilə Seyidova “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda çıxış edərək bildirib ki, Ümummilli Liderin hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu 1993-2003-cü illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm istiqamətlərini bu məsələyə yönəldib. Həmin dövrdə ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb.
Komitə sədri diqqətə çatdırıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və artıq milli strategiya kimi formalaşıb.
Ramilə Seyidova deyib ki, bu gün muxtar respublikada da uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara tibbi xidmətin keyfiyyəti və əhatəliliyi artırılıb və nəticədə, ana və uşaq ölümü minimuma endirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaqların elektron məlumat bankı yaradılıb.
Vurğulanıb ki, uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikadakı mədəniyyət ocaqları və məktəbdənkənar tərbiyə müəssisələrində fəaliyyət göstərən dərnəklər uşaqların asudə vaxtının səmərəli təşkilində mühüm əhəmiyyətə malikdir.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi məqsədyönlü siyasətin uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər müntəzəm xarakter alıb. Çünki uşaqların milli dəyərlər, adət-ənənələr əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi vacib məsələdir.
Sonda tədbir iştirakçıları muzeyin eksponatlarına baxıblar.