CƏMİYYƏT


Uşaqlarda boğaz ağrıları

Bakı, 16 noyabr, AZƏRTAC

Fəsil dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə payız və qış mövsümü orqanizmin xəstəliklərə qarşı ən həssas olduğu dövr sayılır. Həmin aylarda immun sistemi zəif olanlarda bir çox problemlər özünü göstərir. Elə bu səbəbdən də mütəxəssislər həmin aylarda diqqətli olmağı məsləhət görürlər.

Boğaz ağrıları soyuq fəsillərdə ən çox rast gəlinən xəstəliklər sırasındadır və həmin narahatlıq əksər hallarda boğazın iltihabi prosesi şəklində üzə çıxır.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Boğaz ağrılarının ən geniş yayılmış səbəbi soyuqdəymə və qrip hesab olunur. Həmin hala uşaqlar arasında daha çox rast gəlinir. Təcrübə göstərir ki, 4-7 yaşarası uşaqlar həmin problemlə daha tez-tez üzləşirlər.

Boğaz ağrısının digər bir səbəbi isə bakterial infeksiyalardır. Udqunmaq, yemək və danışmağa çətinlik törədən boğaz ağrısı həyat tərzinə və yaşam keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də dəyişən fəsillərdə sağlamlığa ciddi fikir vermək lazımdır".

Həkim-pediatr xəstəliyin niyə məhz boğazda baş verməsi ilə əlaqədar deyib: “Havalar soyuyan kimi virus xəstəlikləri baş qaldırır. Boğaz orqanizmə daxil olan viruslar üçün bir növ giriş qapısı rolu oynayır. Ona görə də badamcıqlar həmin virusa birinci olaraq yoluxurlar. Qıcıqlanmalar, öskürək, hətta bəzən gecələr boğulmalar baş verir”.

Həkim onu da deyib ki, boğaz ağrıları yalnız bakterial infeksiyayla əlaqədar olanda antibiotik təyin etmək məsləhətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.