CƏMİYYƏT


Uşaqlarda budların anadangəlmə çıxığı

Bakı, 3 oktyabr, AZƏRTAC

Uşaqlarda budların anadangəlmə çıxığı tibbi ədəbiyyatda bud-çanaq oynağının displaziyası adlanır. Bu xəstəliyə bud-çanaq oynaqları displaziyası, budun anadangəlmə yarımçıxığı və budun anadangəlmə çıxığı aid edilir.

“Caspian International Hospital”ın ortoped travmatoloqu İlham Hacıyevin AZƏRTAC-a verdiyi məlumata əsasən bud-çanaq oynağı displaziyasında müalicə pavlik bandajı, freyk abduksion yastığı, müasir formada isə pelvipedal gips sarğıları ilə aparılır: “Budun anadangəlmə yarımçıxığında ilk aylarda abduksion cihazlar, uşaq böyüyəndən sonra isə pelvipedal gips sarğılarından istifadə olunur. Uşağın yaşı artdiqca cərrahi əməliyyata ehtiyac yarana bilər.

Budun anadangəlmə çıxığı müalicəsi və maksimum qənaətbəxş nəticə erkən və düzgün diaqnoz qoyulması ilə başlayır. Kliniki müayinə, ailə anamnezi və ilk 6 aya qədər ultrason müayinəsi bu xəstəliyi aşkar etməyə imkan verir. Budun anadangəlmə çıxığının qızıl standartı uşağın üç aylığınadək başlanan müalicədir. Həmin vaxt aparılan müalicələrdə ən uğurlu nəticələr əldə edilir. Erkən vaxtlarda pavlik bandajı, abduksion cihazlar daha çox faydalı nəticələr verir. Sonrakı dövrlərdə isə ümumi anestezi altında qapalı və ya açıq reduksiya edilərək gips sarğıları tətbiq olunur. Böyük yaşlarda daha böyük həcmli əməliyyat üsulları zəruri ehtiyac olaraq ortaya çıxır. Son əməliyyat olunacaq vaxt birtərəfli çıxıqlarda 6, ikitərəfli çıxıqlarda isə 5 yaş göstərilir”.

İlham Hacıyev deyib ki, bud-çanaq oynağı displaziyaları kifayət qədər ciddi xəstəlikdir. Uşağın inkişafının ilbəil deyil, hətta aybaay, günbəgün artması müalicə üsullarını dəyişir. Beləliklə, müalicə üsulları mürəkkəbləşərək uzun müddət davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.