CƏMİYYƏT
Uşaqlarda mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin əsas əlamətləri
Bakı, 14 mart, AZƏRTAC
Bir vaxtlar kiçik yaş dövrləri üçün mədə və onikibarmaq bağırsağın xora xəstəliyinə nadir hallarda rast gəlinsə də, son illər uşaqlarda mədə-bağırsaq sisteminin iltihabi xəstəliklərinin artması, hətta, xoranın “cavanlaşması” müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının kardio-revmatologiya şöbəsinin həkim-rezidenti Elgiz Kazımov klinikanın mətbuat xidmətinə verdiyi müsahibədə deyib ki, həmin xəstəlik zamanı inkişaf edə bilən ağırlaşmaların - mədə qanaxması, perforasiya, penetrasiya və maliqnizasiya kimi hallar uşaq həyatı üçün təhlükə yaratması onu pediatriyanın aktual probleminə çevirib: “Praktikada xora xəstəliyinin uşaqlarda, xüsusilə kiçik yaşlarda olması barədə həkimlərin sayıqlığının azalması, həmçinin xəstəliyin məktəbyaşlı uşaqlarda simptomsuz və atipik gediş variantlarının mövcudluğu diaqnostik çətinliklərə, xəstəliyin ötürülməsinə, bu isə öz növbəsində, ağırlaşmaların inkişafına səbəb olur.
Uşaqlarda mədə və onikibarmaq bağırsaq xorasının inkişafının başlıca səbəbləri –“helicobacter pylori” infeksiyası, genetik meyil, stress, iltihab əleyhinə steroid və qeyri steroid bir sıra dərman maddələrinin uzunmüddətli qəbul edilməsidir.
Xora xəstəliyinin ən çox təsadüf olunan lokalizasiyası mədə və onikibarmaq bağırsaqda daha çox rast gəlinir. Bundan əlavə xora xəstəliyinin əsas etioloji agenti hesab edilən, “helicobacter pylori” məktəb yaşlı uşaqlar arasında aşkarlanması hallarına daha çox təsadüf olunur”.
Həkim-rezident xora xəstəliyinin əsas kliniki əlamətlərinin qida qəbulu ilə əlaqədar qarında ağrı, gəyirmə, ürəkbulanma, qusma, qıcqırma və vegetativ disfunksiya olduğunu söyləyib: “Ağrı sindromu qida rejimi və kəskin, turş və kobud qidalardan sonra qidalanmanın pozulması, xüsusilə məktəb yaşlılarda və abituriyentlərdə fiziki yüklənmə və ya emosional stress sayəsində təhrik olunur. Daha çox 4-7 yaş arasında məktəbəqədər yaş qrupundan olan uşaqlarda müxtəlif intensivlikli qarınağrısı, gəyirmə, qusma, məktəb yaşlılar arasında həmin əlamətlərlə yanaşı başağrıları, bəzən miqrenəbənzər ağrı, başgicəllənmə, hipotoniya daha çox nəzərə çarpır. Bəzən yeniyetmələrdə xəstəliyin əsas klinik simptomları məhz neyrovegetativ əlamətlərlə müşahidə olunur”.
“Kiçik yaşlı uşaqlarda mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı spesifik əlamətlər ön plana çıxdığı halda, böyük yaşlı uşaqlarda xüsusilə, yeniyetmələrdə neyrovegetatit əlamətlər- başağrısı və başgicəllənmə üstünlük təşkil edərək xəstəliyin simptomsuz gedişinə səbəb olur. Bu isə praktik həkimlərin sinir sisteminin müayinəsi zamanı patologiya aşkar olunmayan neyrovegetativ şikayətləri olan uşaqları pediatr müayinəsinə yönəltməsinə imkan verir”, -deyə həkim-rezident daha sonra fikrinə yekun vurub.