CƏMİYYƏT
Uşaqları güldürək ki, dünya gülsün...
Bakı, 11 dekabr, AZƏRTAC
Bakıda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşəbbüsü ilə “Uşaqları güldürək ki, dünya gülsün” mövzusunda xeyriyyə aksiyası keçirilib. Aksiya fiziki imkanları məhdud uşaq və yeniyetmələrə həsr olunub.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi köməyə ehtiyacı olanlara yardım əli uzatmağı, onlara qayğı göstərməyi təşviq etməkdir.
Tədbirin açılışında çıxış edən ictimai birliyin sədri Nailə İsmayılova qeyd edib ki, yardım və dəstəyə ehtiyacı olan insanlar hər gün özlərinə qarşı qayğı hiss etməlidirlər. Onun sözlərinə görə, aksiya hər bir uşağı diqqət və qayğı ilə əhatə etməyə yönəlib: “Azərbaycanda xeyriyyəçiliyin keçirilməsi qeyri-adi hal hesab olunmur. Bir çox insan köməyə ehtiyacı olanlara qarşılıqsız yardım edir. Hamımız bilirik ki, ağır xəstəlikləri olan uşaqlara, yaşlı insanlara və yaşayış şəraiti ağır olanlara dəstək göstərmək vacibdir”.
Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın “Sosial iş” komissiyasının rəhbəri Gülnarə Xəlilova assosiasiyanın sədri Səkinə Babayevanın adından qonaqları salamlayıb. O, qeyd edib ki, bu cür tədbirlər həm fiziki məhdudiyyətləri olan, həm də dolğun həyat yaşayan insanları birləşdirir. Aksiyada iştirak edərək öz köməyini əsirgəməyənlər uşaqlara sevinc və ümid bəxş edirlər.
Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev aksiyanın keçirilməsini yüksək qiymətləndirib. O, dövlətin fiziki imkanları məhdud şəxslərə, onların cəmiyyətə inteqrasiya olunmasına xüsusi diqqət yetirdiyini bildirib.
Aksiya çərçivəsində fiziki imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. Onlar, həmçinin müxtəlif kompozisiyalar və musiqi nömrələri təqdim ediblər. Bununla yanaşı, qonaqlara əyləncə proqramı da göstərilib.