SİYASƏT


Uşaqları hərbi əməliyyatlara cəlb edən Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir

Ermənistanın müharibədə uşaqlardan istifadə etməsi həm də işğalçı ölkənin ordusundakı ciddi problemlərdən xəbər verir

Bakı, 25 oktyabr, AZƏRTAC

Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq növbəti cinayətə əl atıb. Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları cəlb edir. Son günlər bununla bağlı yayılan foto və videolar beynəlxalq ictimaiyyəti ciddi düşündürməli və narahat etməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev söyləyib.

A.Mirzəyev deyib: “Açıq şəkildə görmək mümkündür ki, erməni əsgərlər uşaqların əllərinə “Kalaşnikov” avtomatı verib, şəkil çəkdirirlər. Digər bir fotoda isə kiçik bir oğlan uşağı artilleriya qurğusunu işə salır, top atəşini həyata keçirir. Bu, bir daha Ermənistan ordusunda hərbçi sayının kəskin azalmasını, başlarını itirən erməni hərbi rəhbərliyinin qadın və qocalardan sonra bu dəfə kiçik uşaqları döyüşlərə cəlb etdiyini göstərir”.

İctimai birliyin sədri qeyd edib ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın (20 noyabr 1989-cu il) 38-ci maddəsini də kobud şəkildə pozur. Bu konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə dəvət edir. Ermənilərin bir daha beynəlxalq hüququ pozması faktı göz önündədir. 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edən beynəlxalq təşkilatlar ən qısa vaxtda bu problemə reaksiya verməli və ciddi etirazlarını bildirməlidir. Rəsmi İrəvana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir. Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət beynəlxalq hüququn prinsiplərinə məqsədyönlü şəkildə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Uşaqların döyüşlərə cəlb olunması həm də Ermənistan ordusundakı ciddi problemlərdən xəbər verir.

Ayaz Mirzəyev, həmçinin onu da bildirib ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər müharibədən yayınmaq üçün min bir çıxış yolu axtarırlar. Onlardan da biri saxta yolla, rüşvət verməklə COVID-19 testini “pozitiv” kimi yazdırmaqdır. Artıq bu hal Ermənistanda kütləvi şəkildə çoxalıb. Bu da səbəbsiz deyil. Çünki bu tip arayış alanlar 14 gün karantində qala bilirlər. Bununla da bir müddət ordudan yayına bilirlər. Bu, bir daha göstərir ki, Azərbaycanın döyüş meydanında uğur əldə etməsi Ermənistan ordusunda ciddi qorxuya və psixoloji pozuntuya səbəb olub. Ağır itkiləri görən çağırışçılar orduya getməkdən boyun qaçırır, sadə əsgərlər isə ümumiyyətlə, döyüşlərə qatılmaqdan imtina edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.