REGİONLAR
Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq
Lənkəran, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Lənkəran şəhərində təlim keçirib. Təlimdə Lənkəran rayonunda yerləşən tam orta, orta-texniki və texniki-peşə məktəblərinin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin təlimçisi Qafar Cəfərov və ”Hüquqi Yardım” ictimai birliyinin hüquqşünası İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər barədə danışıblar.
Təlim iştirakçılarına, həmçinin insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesifik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib.
Tədbir interaktiv şəraitdə davam edib, iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.
Sonda tədbir iştirakçılarına “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılıb.