CƏMİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü Suraxanıda qeyd edilib

Bakı, 1 iyun, AZƏRTAC

Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi tərtibatla bəzədilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirdə aztəminatlı ailələrdən, valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda, rayon ərazisində yerləşən uşaq bağçalarında, məktəblərdə tərbiyə alan uşaqlar və məktəblilər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə iştirak edən uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycanda uşaqlara xüsusi məhəbbət, münasibət var. Prezident İlham Əliyev daim uşaqlara diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, onlara əsl ana qayğısı göstərirlər.

Sonra məktəblilərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış olub. Qurban Abbasov adına və Səttar Bəhlulzadə adına mədəniyyət saraylarının bədii kollektivlərinın, 3 nömrəli incəsənət məktəbinin şagirdlərinin hazırladığı bədii-əyləncəli proqram nümayiş etdirilib. Bayram şənliyində balaca idmançılar öz məharətlərini göstəriblər.

Uşaqlar bayramı böyük sevinclə qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.