MƏDƏNİYYƏT
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş
Bakı, 2 iyun, AZƏRTAC
Uşaq-Gənclər İnkişaf Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 95 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd, uşaqların vətənpərvər ruhda, sağlam, savadlı böyümələrinin gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq, onlara sevinc və təbəssüm bəxş etmək olub.
Çıxış edən qonaqlar, hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımi qərarların verildiyi, onlara böyük diqqətin göstərildiyi və hazırda da bu siyasi kursun Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, gələcəyimiz olan uşaqlara xoşbəxtlik arzulayıblar.
Görüşdə çıxış edən kitabxananın direktoru Ş.Qəmbərova Respublika Uşaq Kitabxanasının illərdir uşaqların kitab və kitabxanalara, elmə, təhsilə mütaliəyə ümumilikdə intellektlərinin inkişafı üçün biri-birindən səmərəli layihələrə imza ataraq bu istiqamətdə yorulmadan fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edib ki, uşaqlara diqqət və qayğı dövlətin siyasətində vacib yer tutur, uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir.
Sonda uşaqların rəsm əsərləri nümayiş edilib, onların ifasında şeirlər, mahnılar təqdim olunub.