REGİONLAR
Uşaqların V Ümumrespublika Forumuna seçim mərhələsi üçün Hacıqabulda görüş keçirilib VİDEO
Hacıqabul, 27 avqust, Aydın Yavərzadə AZƏRTAC
2009-cu ildən təşkil olunan Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunun 2021-ci il üçün seçim turu davam edir. Uşaqların V Ümumrespublika Forumuna seçim mərhələsi ilə əlaqədar Hacıqabul rayonunda bir qrup istedadlı və bacarıqlı uşaqlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən görüşdə 13-17 yaş arasında olan 20 uşaq iştirak edib. Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən intellektual səviyyəsi yüksək olan, xüsusi bacarıqları fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Mərkəzin direktoru Aynur Əsədova bildirib ki, Forumun keçirilməsində əsas məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul edilməsində iştiraklarını təmin etmək, onlara bu problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaqdır. Forum öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasını, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq və milli qanunvericiliyi əsas götürür.
Seçim mərhələsində Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən intellektual səviyyəsi yüksək olan, məktəbin ictimai həyatında fəal iştirak edən, xüsusi bacarıqları ilə fərqlənən 2 uşaq seçilərək Forumda Hacıqabulu təmsil etmək şansı qazanıb. Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən növbəti seçim turlarının Şirvan, Salyan, Neftçala və Qobustan rayonlarında keçirilməsi nəzərdə tutulub.