CƏMİYYƏT
“Uşaqların ədalət mühakiməsinə çıxışı” mövzusunda regional konfrans keçirilib
Bakı, 29 fevral, AZƏRTAC
Bosniya və Herseqovina Ədliyyə Nazirliyinin və UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin birgə təşkilatçılığı ilə fevralın 25-27-də Sarayevo şəhərində “Uşaqların ədalət mühakiməsinə çıxışı” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC Ədliyyə Nazirliyinin “Facebook” səhifəsində istinadla xəbər verir ki, 20-dən çox dövlətdən ədliyyə və sosial təminat üzrə nazirliklərin, milli insan hüquqları təsisatlarının, QHT-lərin və akademik dairələrin 200-ə yaxın nümayəndəsinin qatıldığı tədbirdə ölkəmizin Ədliyyə Nazirliyinin nümayəndə heyəti iştirak edib. Tədbirə, həmçinin UNİCEF-in Azərbaycandakı Ofisinin və QHT nümayəndələri qatılıblar.
Konfransın açılışında Bosniya və Herseqovinanın Ədliyyə naziri Josip Qrubesa, UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Filip Kori və digər rəsmi şəxslər çıxış ediblər.
Plenar və panel sessiyalarla keçirilən tədbirdə uşaqların hüquqlarının qorunması və onların məhkəmə proseslərində iştirakının asanlaşdırılması, uşaqlar üçün ədalət mühakiməsinə əlçatanlığının gücləndirilməsi və s. məsələlər müzakirə olunub.
Müzakirələrdə nümayəndə heyətimiz tərəfindən cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların müdafiəsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlər, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, yuvenal ədliyyə institutunun tətbiqi və inkişafı üzrə görülən işlər barədə məlumat verilib, UNİCEF ilə səmərəli əməkdaşlıq, o cümlədən bu qurumun Ədliyyə və Daxili İşlər nazirlikləri ilə birgə yuvenal ədliyyə sahəsində layihənin uğurla həyata keçirilməsi qeyd olunub.
Tədbir çərçivəsində nümayəndə heyətimiz tərəfindən Bosniya və Herseqovinanın həmkarları ilə görüş keçirilərək ədliyyə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı, həmçinin Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuş “Dostluq parkı”nda ucaldılmış Xocalı soyqırımı abidəsi ziyarət olunaraq, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.