CƏMİYYƏT
“Uşaqların nağıl dünyası” sülh göyərçinlərinin səmaya uçurulması ilə yekunlaşıb
Bakı, 31 may, AZƏRTAC
Binəqədi rayonunda 40 nömrəli körpələr evi–uşaq bağçasında 1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Uşaqların nağıl dünyası” tədbiri keçirilib. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılış mərasimini uşaqlar ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova, icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov balacaları təbrik edərək bildiriblər ki, hər bir dövlət, hər bir cəmiyyətin gələcəyi olan uşaqların qayğısına qalmaq, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etmək başlıca vəzifələrindən biridir. Ölkəmizdə də bu mühüm məsələyə qayğı ilə yanaşılır və cəmiyyətimizin gələcəyi hesab olunan uşaqlar hər cür diqqət ilə əhatə olunublar.
Ssenarisi nağıl motivləri əsasında qurulmuş tədbir maraqlı kompozisiyaların nümayişi ilə davam etdirilib. Uşaqların ifasında nağıl qəhrəmanlarının personajları, səslənən şeir və mahnılar, nümayiş olunan rəqs və səhnəciklər tədbir iştirakçılarında xoş təəssürat yaradıb.
Sülh rəmzi sayılan göyərçinlər səmaya uçurularaq “Uşaqların nağıl dünyası” tədbirinə yekun vurulub.