CƏMİYYƏT


Uşaqların piyada keçidlərindən istifadə etməsi geniş şəkildə təbliğ olunmalıdır

Bakı, 13 fevral, AZƏRTAC 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 100 nömrəli orta məktəbdə şagirdlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramının icrası ilə bağlı yol polisinin üzərinə düşən vəzifələr barədə məlumat veriblər.

Şagirdlərin diqqətinə çatdırılıb ki, yol-nəqliyyat hadisələri zamanı uşaqların xəsarət alması, həlak olması Daxili İşlər Nazirliyinin rəhbərliyini ciddi narahat edir və qarşıda duran əsas məqsədlərdən biri də yol-nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsinin minimuma endirilməsidir. Qeyd edilib ki, yol polisinin uşaqlar arasında maarifləndirmə işləri aparmasında əsas məqsəd onları yol qəzalarından qorumaqdır.

Məktəbin direktoru Gülnarə Məmmədova bildirib ki, yol polisi ilə məktəb arasında çox sıx əməkdaşlıq var və aparılan təbliğat işlərinin uşaqların yol hərəkəti qaydaları öyrənməsi və əməl etməsində böyük rol oynayır.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyev diqqətə çatdırıb ki, uşaqların piyada keçidlərindən istifadə etməsi geniş şəkildə təbliğ olunmalıdır. M.Əliyev bildirib ki, uşaqlar yol hərəkəti qaydalarını öyrəndikcə onlar böyüklər arasında da təbliğatçı funksiyasını yerinə yetirir.

Şöbə rəisi qeyd edib ki, rayon ərazisində fəaliyyət göstərən 32 məktəbin əksəriyyətində bu cür tədbirlər keçirilib. Dərs ilinin sonuna qədər digər məktəblərdə də analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

Tədbirin sonunda Binəqədi Rayon Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tədbirdə iştirak edən şagirdlərə hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.