REGİONLAR
Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür
Astara, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Astara şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən maarifləndirici tədbirdə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Ombudsmanının təşəbbüsü ilə hər il “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərdən danışıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə zərərli vərdişlər və onların fəsadlarından söhbət açıb, gəncləri bu vərdişlərdən uzaq olmağa çağırıb.
Astara Rayon Təhsil Şöbəsinin məsləhətçisi Baloğlan Əliyev təhsilin, elmin uşaqların həyatında əhəmiyyətini qeyd edib, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin böyük rol oynadığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.