REGİONLAR
Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu böyükdür
Lənkəran, 6 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yeniyetmələrin zərərli vərdişlərdən qorunmasında əsas istiqamətlərindən biri asudə vaxtın səmərəli təşkil edilməsi olduğundan, onlar arasında sağlam həyat tərzinin təbliğinə, idmana marağın artırılmasına ciddi fikir verilməlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Lənkəran şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbirdə səsləndirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilib.
Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov uşaqların zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş müddəalar, ölkəmizdə “Uşaq hüquqları haqqında” Qanunun müvafiq müddəalarının tətbiqi, eləcə də “Uşaq hüquqları aylığı” ilə bağlı tədbirlər barədə geniş məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli dini fanatizm, radikalizm və onların fəsadlarından danışıb, yeniyetmə və gənclərin yad ideologiyalardan və radikal cərəyanların təsirindən qorunmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.