MƏDƏNİYYƏT


“Ustad nəfəsli saz-söz ərməğanı” adlı kitab çapdan çıxıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb.

AZƏRTAC-a bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Ustad nəfəsli saz-söz ərməğanı” adlanan bu antologiyada aşıq ədəbiyyatının janr tərkibində mühüm yer tutan ustadnamə ənənəsinin qaynaqları – ozan soylamaları, eləcə də ötən yüzilliklərdə yaşamış saz-söz sənətkarlarının yaratdıqları öyüdləmə örnəkləri yer alıb. Dədə Qorqud zamanından başlamış XX yüzilliyin Dədə Şəmşir dönəminəcən uzanan nəhəng xronoloji məkanda yer alan, ustad məclislərində, el yığnaqlarında dillər əzbərinə çevrilən dərin məzmunlu, fəlsəfi yüklü qoşmalar, gəraylılar, təcnislər, divanilər əsrlərin sərt sınağından keçə-keçə bu günümüzə gəlib çataraq əvəzsiz söz sərvətimizə çevrilib.

Antologiyada yüzə yaxın ustad saz-söz sənətkarının yaradıcılıq nümunələri toplanıb. Antologiyanın hazırlanmasında məqsəd klassik saz-söz ustadlarının yaratdıqları ustadnamə-öyüdləmə sərvətini qoruyub gələcək nəsillərə çatdırmaqla yanaşı, həm də saz-söz sənətinə yeni gələn yeniyetmə və gənclərin repertuar imkanlarını genişləndirməkdir.

Kitabı nəşrə Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı (M.Qasımlı eyni zamanda elmi məsləhətçidir) və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.