MƏDƏNİYYƏT
Ustad xanəndə Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunacaq
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində hazırlanıb.
Tədbirdə ustad xanəndənin tələbələri, sənət yoldaşları çıxış edərək onunla bağlı xatirələrini bölüşəcək və öz ifalarını təqdim edəcəklər. Musiqili gecəni Əməkdar artisti tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl müşayiət edəcək.
Qeyd edək ki, Hacıbaba Hüseynov güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlayıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib.
Hacıbaba Hüseynov “Rast” muğamının “Üşşaq” və “Hüseyni” şöbələrinin ilk ifaçısı olub. O, uzunillik xanəndəlik təcrübəsi nəticəsində Azərbaycan milli musiqisini dərindən öyrənmək, ifa və təbliğ etmək yolunda xüsusi nailiyyətlər əldə edib. Sənətkar Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, İran və bir sıra başqa ölkələrdə qastrol səfərlərində Azərbaycan muğamını böyük ustalıqla ifa edib, incəsənətimizin təbliğində böyük xidmətlər göstərib.
Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim kimi çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirib.
Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə Əməkdar artist, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Hacıbaba Hüseynov 1993-cü il oktyabrın 24-də vəfat edib.