DÜNYA
Utrext şəhərində silahlı hücum nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Niderlandın Utrext şəhərində odlu silahdan açılan atəş nəticəsində azı 3 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Utrext meri Yan van Zanenin “Twitter” sosial şəbəkəsində yayımlanan videomüraciətində deyilir.
Bir qədər əvvəl Niderlandın Baş naziri Mark Rütte mətbuat konfransında hüquq-mühafizə orqanlarının bütün diqqətinin tramvayın sərnişinlərinə atəş açan cinayətkarın tutulmasına cəlb edildiyini bildirib. Təhlükəsizlik orqanları hadisənin terror hücumu olduğunu istisna etmir.
İnsidentdən sonra Niderlandın hakimiyyət orqanları şəhərdə terror təhlükəsi səviyyəsini ən yüksək həddə qaldırıb. Ehtiyat tədbirləri olaraq bütün ölkədə hökumət idarələri, vağzallar, aeroportlar və məscidlər güclü mühafizə altına alınıb. Hazırda Utrexdə bütün yollar bağlıdır. Hakimiyyət dairələri şəhərdə məktəb şagirdlərini küçəyə buraxmamaq, universiteti bağlamaq çağırışı edib.
Eyni zamanda, Amsterdam polisi yüksək hazırlıq səviyyəsinə gətirilib, Sxipxol beynəlxalq aeroportunun mühafizəsi gücləndirilib. Rotterdamda vağzalların və məscidlərin yaxınlığındakı küçələr güclü patrul nəzarətinə götürülüb.