DÜNYA
Utrextdə terror təhlükəsi ən yüksək səviyyəyə qaldırılıb VİDEO

Bakı, 18 mart, AZƏRTAC
Niderlandın hakimiyyət orqanları silahlı hücumun baş verdiyi Utrext vilayətində terror təhlükəsi səviyyəsini ən yüksək həddə qaldırıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Niderland polisi Utrext məktəblərinin rəhbərlərinə müəssisələrin qapılarını bağlamaq barədə göstəriş verib. Ehtimal edilən atıcının hadisə yerindən uzaqlaşdığı və onun axtarışlarının davam etdiyi bildirilir.
İnsident tramvay dayanacağı ətrafında baş verib. Şahidlərin sözlərinə görə, naməlum şəxs gözlənilmədən ətrafdakı insanlara atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanları hücumun terror motivini istisna etmir.
Hadisə nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda insidentin baş verdiyi ərazidə çox sayda polis və tibb işçisi fəaliyyət göstərir.