CƏMİYYƏT
Uxanda idman arenaları və sərgi mərkəzləri xəstəxana kimi fəaliyyət göstərəcək VİDEO
Pekin, 4 fevral, AZƏRTAC
Koronavirusun yeni növünün episentri olan Çinin Xubey vilayətinin Uxan şəhərində idman arenaları və sərgi mərkəzləri də daxil olmaqla iri binalar müvəqqəti olaraq xəstəxanalara çevrilir.
AZƏRTAC xəbər verir ki, virusa yoluxanların yerləşdirilməsi üçün yaranan xəstəxana çatışmazlığı səlahiyyətli qurumları bu qərarı qəbul etməyə vadar edib. Honşan idman sarayı, Uxan beynəlxalq konfrans və sərgi mərkəzi də daxil olmaqla artıq bir neçə binanın xəstəxanaya çevrilməsi prosesinə başlanılıb. Bu müvəqqəti xəstəxanalarda ümumilikdə 3400 çarpayı quraşdırılacaq.
Xatırladaq ki, koronavirusun yeni növünə yoluxanların sayının çoxalmasını nəzərə alan səlahiyyətli qurumlar Uxanda 2 mobil xəstəxananın inşasına da qərar vermişdi. Artıq 25 min kvadratmetr sahəsi olan 1000 çarpayılıq Huoşenşan xəstəxanası fevralın 3-dən xəstələrin qəbuluna başlayıb. Digər mobil xəstəxananın inşasının isə fevralın 6-da başa çatması gözlənilir. Layihə üzrə ümumi sahəsi 75 min kvadratmetr olan Leyşenşan xəstəxanası 1600 xəstə qəbul etmək imkanında olacaq.
Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına əsasən, ölkədə koronavirusun yeni növünə yoluxma hallarının və ölüm hallarının çoxu məhz Xubey vilayətində və onun inzibati mərkəzi olan Uxan şəhərində qeydə alınıb. Yanvarın 24-də Xubey vilayətində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti, Uxan da daxil olmaqla vilayətin bir neçə şəhərində isə karantin elan olunub, giriş-çıxış bağlanıb. Bundan başqa, virusun yayılmasının qarşısını almaq üçün Uxanda ictimai nəqliyyatın, şəhərin mərkəzi hissəsində isə fərdi avtomobillərin hərəkəti dayandırılıb. Yanvarın 31-də başa çatmalı olan Çin yeni ili tətilinin müddəti Xubey vilayətində daha bir neçə gün uzadılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin