İQTİSADİYYAT
“Uyğunluğun qiymətləndirilməsi” mövzusunda keçirilmiş təlimin iştirakçıları sertifikatlarla təltif ediliblər
Bakı, 4 may, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilatçılığı ilə İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları ilə görüş olub.
Bu barədə AZƏRTAC-a komitənin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə keyfiyyət infrastrukturu sahələrində islahatlar haqqında danışılıb. Bildirilib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması, verilmiş sertifikatların xarici ölkələrdə tanınması və akkreditasiya sahəsində beynəlxalq təşkilatlara üzvlük istiqamətində ardıcıl işlər aparılır. Bu sahədə beynəlxalq standartların tətbiqinin aktuallıq kəsb etdiyi qeyd edilib.
Sonda İSO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara tələblər” standartı mövzusunda keçirilmiş təlimin iştirakçıları sertifikatlarla təltif ediliblər.
Qeyd olunub ki, təlim Britaniya Standartlar İnstitutunun aparıcı auditoru və təlimçisi Mahmud Albekov tərəfindən keçirilib. Əsas məqsəd isə standartın mahiyyətinin izahı, edilmiş dəyişikliklər və yeniliklər barədə təlim iştirakçılarının məlumatlandırılması, uyğunluğu qiymətləndirən qurumların əməkdaşlarının bu sahədə səriştəliliyinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, standartın tətbiqi ilə bağlı yarana biləcək problemlərin müstəqil həll etmək bacarığının aşılanmasıdır.