İDMAN
“Uypeşt”in baş məşqçisi: Cavab görüşündə daha yaxşı nəticə qazancağımıza ümid edirəm
Bakı, 13 iyul, AZƏRTAC
Bu məğlubiyyətə görə çox təəssüf edirəm. Cavab görüşündə daha yaxşı nəticə qazanacağımıza ümid edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Dalğa Arena”da 1:3 hesabı ilə məğlub olan Macarıstanın “Uypeşt” klubunun baş məşqçisi Neboyşa Viqnyeviç deyib.
“Neftçi” klubunu təbrik edirəm. Öz oyunçularıma bu şərtlərdə mübarizə apardıqları üçün təşəkkür edirəm. Oyundan əvvəl rəqib barədə məlumat toplamışdım və Avropa Liqasının qrup mərhələsində çıxış etdiklərini bilirdim. Oyunun əvvəllərində hesabı açdıq və çox xoşbəxt idim. İnanırdım ki, qələbə qazanacağıq. Lakin bundan sonra “Neftçi” topa sahib olmağa başladı və onlara üç qolu hədiyyə etdik. Buna görə çox təəssüf edirəm. Cavab görüşündə daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Bərabərlikdən sonra da rəqib topa sahib idi. Bu da bizə problem yaradırdı. Yenə deyirəm, rəqibin yaxşı komanda olduğunu bilirdim”, - deyə Neboyşa Viqnyeviç əlavə edib.
Bildirib ki, hər klub “Neftçi” kimi imkanlı deyil. “Uypeşt”də işlədiyim üçün qürur duyuram və hər şey məni qane edir. Bu, bizim problemdir və artıq geridə qaldı. Cavab matçında Bakıya gətirə bilmədiyimiz iki oyunçu da oynayacaq. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik.
Viqnyeviç “Neftçi”nin heyətində Rəhman Hacıyev, Namik Ələsgərov, Dario Frederiko və Baqali Dabonun oyununu xüsusi qeyd edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki Ferenc Szusza stadionunda təşkil olunacaq. Cütün qalibi növbəti mərhələdə İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq.