DÜNYA
Uzaq qalaktikada aşkar edilən oksigen kainatın keçmişinə işıq saldı
Bakı, 17 may, AZƏRTAC
Kainatın yaradılışının səbəbi hesab edilən Böyük Partlayışdan (“Big Bang”) 250 milyon il sonra meydana gəldiyi güman edilən ulduzların əhatəsindəki uzaq qalaktikada aşkar olunmuş oksigen astronomların yeni tədqiqatları üçün əlavə stimul verib.
AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, “Hubble” teleskopunun köməyilə kəşf edilən və Yer planetindən 13,28 milyard işıq ili uzaqda yerləşən bu qalaktikada yaşıl rəngdə oksigen ləkələrinin görüntüsü Çilinin şimalındakı Atakama səhrasında qurulmuş radio teleskoplarının astronomik interferometrləri vasitəsilə qəbul edilib və 2018-ci il mayın 16-da bu fotoşəkil “Reuters” agentliyinin saytında yerləşdirilib.
Bu qalaktikanın ulduzlarının indiyədək kəhkəşanın mərkəzində müşahidə edilən ən uzaq göy cisimləri olduğu bildirilir. “MACS1149-JD1” adlandırılan qalaktikanın işığının Yer planetinə çatması üçün ildə 9,5 trilyon kilometr məsafə qət etdiyi bildirilir. Qalaktikadakı oksigenin tədqiq edilməsi isə çox faydalı olub. Astronomlar qeyd edirlər ki, erkən ulduzların yaranmasının təməli olan oksigen, karbon, nitrogen elementləri sonradan ulduzlararası fəzaya səpələnib, nəticədə ulduzlar partlayış nəticəsində yox olublar.
Osaka Sanqyö Universitetinin astronomu Takuya Haşimotonun sözlərin görə, “MACS1149-JD1”də oksigenin olması “Big Bang”dan sonra bu qalaktikada formalaşan ulduzların araşdırılması yolu ilə kainatın yaranma tarixi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.
London Universitet Kollecinin astronomu Nikolas Laporte isə bu tədqiqatların Böyük Partlayışdan dərhal sonra ilk ulduzların yaranması dövrünün araşdırılması üçün faydalı olacağı qənaətindədir. Astronom əlavə edib: “Bu müşahidələr vasitəsilə biz kainatın öyrənilməsi dövrünə aid limiti azaltmış oluruq və ilk ulduzların yaranmasına yaxınlaşırıq”.