CƏMİYYƏT
Üzərində odlu silah gəzdirən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Ramil adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs, paytaxt sakini - əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Həsənov keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tutularaq Baş İdarəyə gətirilib. Onun üzərində axtarış aparılan zaman “Makarov” markalı silah, ona məxsus daraq və yeddi patron aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində odlu silah-sursatı tapdığını və polisə könüllü təhvil vermək əvəzinə üzərində gəzdirdiyini etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.