MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Balet, ömrüm mənim” filmi nümayiş olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Balet, ömrüm mənim” filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, görkəmli baletmeyster, Xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunan ekran əsərinin nümayişi XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında çəkilmiş sənədli filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.

Filmin nümayişindən əvvəl mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Rəfiqə xanımın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları böyük uğurla ifa edərək geniş tamaşaçı rəğbəti qazanıb. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədov ilə birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərinə çevrilib.

Ssenari müəllifi, musiqişünas Raya Abbasova filmin çəkiliş prosesi zamanı görülən işlər, kadr arxasında qalan maraqlı hadisələr haqqında danışıb. Qeyd edib ki, ekran əsərində Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən SSRİ Xalq artistləri Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, Xalq rəssamı Tahir Salahov, Xalq yazıçısı Anar, Xalq artistləri Fidan Qasımova, Rauf Abdullayev, Fərəc Qarayev və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında fikirlərini bölüşüblər.

Sonra ekran əsəri nümayiş olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.