QAN YADDAŞI
Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 19 yanvar, Z.Mansurova, AZƏRTAC
Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq təşkil edilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet hərbi birləşmələrinin Bakıda dinc əhaliyə qarşı vəhşicəsinə dəhşətli, kütləvi qırğın törətdiyini deyib. Bildirib ki, bu qanlı hadisələr 147 insanın qətlə yetirilməsi, 744 nəfərin yaralanması və 841 nəfərin qanunsuz həbs edilməsi ilə nəticələnib.
Tədbirdə “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, Əməkdar İncəsənət Xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyev, Respublika Qadınlar Cəmiyyətinin üzvü Ofelya Lütfəliyeva və digər çıxış edənlər 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını deyərək, şəhidlərin müstəqilliyimizin əldə olunmasında oynadığı rolu xüsusi vurğulayıb.
Çıxışlardan sonra böyük Azərbaycan şairi Hüseyn Cavidin 1918-ci ildə yazdığı “Qaçqın” şeirinə bəstəkar S.Fərəcovun bəstələdiyi eyniadlı mahnı səsləndirilib.
Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin tələbəsi Xəyal Hüseynov muğam və təsniflər ifa edib, “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında Zərəngiz Qayalının 20 Yanvar faciəsinə həsr olunan şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.