MƏDƏNİYYƏT
Üzeyir Hacıbəylinin ev-muzeyində Ulu Öndərin xatirəsi anılıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Üzeyir Hacıbəylinin ev-muzeyində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin təşkilatçılığı ilə reallaşan tədbir Nizami rayon 328 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə gerçəkləşib.
Əvvəlcə məktəbin direktoru Asif Nəbiyev Ümummilli Liderin dövlətçiliyimiz tarixindəki xidmətlərindən danışıb. Qeyd edilib ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat, xoş gələcəyimiz üçün borcluyuq. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Bildirilib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb.
Muzeyin şöbə müdiri Gülnarə Ələsgərova çıxışında Ulu Öndərin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. 1993-cü ildə Ulu Öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrin, o cümlədən Azərbaycan mədəniyyətinin inkişafına təkan verildi, mədəniyyətimiz yeni, intibah dövrünü yaşamağa başladı. Bu sahədə görülən işlər, qazanılan nailiyyətlər Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev mədəniyyət, incəsənət adamlarına hər zaman diqqət və qayğı ilə yanaşıb. Hazırda böyük rəhbərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir məktəbin musiqi müəllimi Nailə Heydərovanın ulu öndər Heydər Əliyevin xatirəsinə ithaf etdiyi konsert proqramı ilə davam edib. Məktəbin şagirdlərinin ifasında bir-birindən parlaq bəstəkar mahnıları səsləndirilib.