REGİONLAR
Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyində 50-dək idmançı iştirak edib
Naxçıvan, 8 iyul, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyində 3 yaş qrupunda 50-yə yaxın idmançı iştirak edib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarış açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, yarışın keçirilməsində məqsəd məktəblilərin yay tətilində asudə vaxtlarının daha da səmərəli keçirilməsini təşkil etmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Sonra yarışlara start verilib.
Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 14-16 yaş qrupunda yarışan idmançılar arasında Həsən Abbasov, 12-13 yaşlı idmançılar arasında Amil Kətanov, 11 yaşlılar arasında isə Ələsgər Hüseynov bütün rəqiblərini qabaqlayaraq birinci yerlərə layiq görülüblər.
Qalib idmançılara təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub.