İDMAN
Üzgüçülük yarışlarının növbəti qalibləri müəyyənləşib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da festivalın üzgüçülük yarışlarında növbəti qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 400 metr məsafəyə qarışıq üzmə yarışında fərdi kateqoriyada rusiyalı İlya Borodin qızıl, macarıstanlı Hubert Kos gümüş, çexiyalı Yakub Bursa isə bürünc medal qazanıblar.
Qızlar arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışının qalibi italiyalı Franseska Qaytani Erika olub. Almaniyalı Lusi Mosdzien finişə ikinci çataraq gümüş medal qazanıb. İlk üçlüyü isə finalda eyni nəticə göstərən rusiyalı Renata Qaynullina və ukraynalı Yevgeniya Jukova tamamlayıblar.
Oğlanlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında isə çempionluğu ukraynalı Rostislav Krıjanivski bayram edib. Böyük Britaniya atleti Kameron Uilliams fəxri kürsünün ikinci pilləsində yer alıb. Fransa üzgüçüsü Brendan Fitzpatrik isə üçüncü yeri tutub.
Qızlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında rusiyalı Yevgeniya Çikunova birinci, fransalı Jastin Delmas ikinci, irlandiyalı Molli Mayn üçüncü olublar.
Qeyd edək ki, eyni nəticə iyulun 24-də qızlar arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında da qeydə alınmışdı.
Oğlanlar arasında 200 metr məsafəyə sərbəst üzmə yarışında isə Edvard Mildred (Böyük Britaniya), David Popoviçi (Rumıniya) və Bora Gülşən (Türkiyə) müvafiq olaraq qızıl, gümüş və bürünc medallara sahib olublar.
Bu nəticələr Rusiya təmsilçiləri Yevgeniya Çikunovanın və İlya Borodinun festivalda ikinci medalları olub.