REGİONLAR


Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır VİDEO

Ağstafa, 20 fevral, AZƏRTAC

Kənd təsərrüfatının gəlirli sahələrindən olduğuna görə fermerlər üzümçülüyə böyük maraq göstərirlər. Elə buna görə də hər il istər xaricdən gətirilən, istərsə də yerli sort üzüm tinglərindən ibarət yeni bağlar salınır.

AZƏRTAC xəbər verir ki, Ağstafanın üzüm bağlarında hazırda qızğın təsərrüfat işlərinə start verilib. Dirəklər təmir edilir, yenilənir, məftillər lazımi səviyyəyə salınır. Ən əsası da budama işləri həyata keçirilir.

Ağstafa rayonunun Qarahəsənli kənd sakini Süleyman İsayev 17 ildir ki, üzümçülüklə məşğul olur. İndi o, aqronomların da məsləhətlərindən yararlanaraq yaza hazırlıq işlərini görür. Bu işləri görməkdə məqsəd mövsüm zamanı üzüm bağından bol məhsul götürməkdir.

Keçən il 1 hektardan 180 sentner məhsul əldə edən fermer S.İsayev üzüm bağında bütün fəsillərdə iş olduğunu deyir. “Vaxtında aqrotexniki qulluq göstərilərsə, yaxşı məhsul əldə etmək olar. İndi üzüm sahəsinin budanmasını və suvarılmasını həyata keçiririk. Xüsusən də bu vaxt suvarılan zaman ziyanvericilər məhv olur. Bu suvarmanın üzüm bağına çox xeyri var”, - deyə S.İsayev bildirib.

Hazırda fermerlər “Merlot”, “Ağ şanı”, “Qara şanı”, “Təbrizi”, “Rekastelli” və digər məhsuldar sortlar becərirlər. Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Çingiz Məmmədov fermerlərin üzümçülüyə marağının artdığını bildirib. Çingiz Məmmədov qeyd edib ki, bu mövsüm üzümlərin arası şumlanmalı, gübrə verilməlidir. Suvarılma aparılarsa, bu, üzüm kollarını daha qüvvətli və sağlam edər. Fermerlər aqrotexniki qulluq qaydalarına düzgün riayət etdiyi halda, yaxşı da məhsuldarlıq götürmək olar.

Qeyd edək ki, Ağstafa rayonunda 476 hektar sahədə üzüm bağ var. Bunun 466 hektarı məhsul verən, 10 hektarı isə yeni salınan üzüm bağlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.